• STOKLAR TEZLİKLƏ YENİLƏNƏCƏK
  • SƏBRİNİZ ÜÇÜN TƏŞƏKKÜR EDİRİK!

mouse: gecikmə, polling rate və batareya

Bir neçə il əvvəl peşəkar oyunçular yalnız kabelli mouse istifadə edirdi. Bu gün isə esports səhnəsində simsiz modellər üstünlük təşkil edir. Səbəbi sadədir: keyfiyyətli simsiz bağlantı artıq kabelli qədər sürətlidir, kabel isə hərəkətə mane olmur.


2.4 GHz və Bluetooth

Gaming mouse-lar oyun zamanı xüsusi 2.4 GHz qəbuledici (USB dongle) ilə işləyir. Bu bağlantıda gecikmə kabelli mouse ilə praktiki olaraq eynidir. 

Bluetooth rejimi isə enerjiyə qənaət edir, amma gecikməsi daha yüksəkdir. Buna görə də Bluetooth-u ofis işi və noutbuk üçün, 2.4 GHz bağlantını isə oyun üçün istifadə edin.


Polling rate

Polling rate mouse-un kompüterə saniyədə neçə dəfə məlumat göndərdiyini göstərir.

  • 1000 Hz — bu rejimdə mouse saniyədə 1000 dəfə (hər 1 ms) məlumat göndərir. Əksər istifadəçilər üçün kifayətdir.
  • 2000–4000 Hz — 240 Hz və daha yüksək tezlikli monitorlarda daha hamar hiss verir. Orta və güclü kompüterlər üçün uyğundur.
  • 8000 Hz — yüksək səviyyədir (hər 0.125 ms). Prosessora daha çox yük düşür və batareya xeyli tez bitir. Yalnız güclü kompüterlər üçün uyğundur.


1000 Hz ilə 8000 Hz arasındakı fərq 1 millisaniyədən azdır. Zəif kompüterdə və ya fonda çox proqram açıq olduqda 8000 Hz oyunda titrəmə (stutter) yarada bilər. Məhz buna görə, problem yaranarsa, 2000–4000 Hz seçmək daha düzgündür. Bəzi modellərdə 8000 Hz üçün ayrıca qəbuledici lazımdır — bunu qutunun tərkibindən yoxlayın.


DPI və yüksək polling rate

Mouse yalnız hərəkət etdikdə yeni məlumat göndərir. Aşağı DPI-da (məsələn, 400) yavaş hərəkət zamanı 8000 Hz-i doldurmaq üçün kifayət qədər məlumat yaranmır. Buna görə də 4000–8000 Hz istifadə edirsinizsə, DPI-ı 1600-ə qaldırın və oyundaxili həssaslığı uyğun azaldın. Bu zaman nişan hissi dəyişmir, izləmə isə daha hamar olur.

Batareya

Batareya ömrü əsasən polling rate-dən və işıqlandırmadan asılıdır. 1000 Hz-də əksər modellər bir doldurma ilə onlarla saat işləyir, 8000 Hz-də isə bu müddət bir neçə dəfə qısalır.
Batareyaya qənaət etmək üçün gündəlik işdə 1000 Hz, oyunda isə daha yüksək rejim seçə bilərsiniz. Batareyanın ömrünü uzatmaq üçün mouse-u uzun müddət tam boş halda saxlamayın.

Qəbuledicinin yeri

Siqnalın sabit olması üçün qəbuledicini mouse-a yaxın yerləşdirin — ən yaxşısı uzadıcı kabel ilə masanın üstündə, mouse-dan 20–30 sm məsafədə. Kompüterin arxasındakı USB portları, xüsusilə metal korpusda, siqnalı zəiflədə bilər. Wi-Fi router-i və digər simsiz cihazları da qəbuledicinin yanında saxlamayın.

Qısa nəticə

Simsiz mouse oyunda heç bir çatışmazlıq yaratmır, əksinə, kabelin yaratdığı müqaviməti aradan qaldırır. Kompüterinizə uyğun polling rate seçin, qəbuledicini yaxında saxlayın və batareyanı vaxtında doldurun. Sualınız olsa, bizimlə əlaqə saxlayın.

Mouse — mağazada

Hamısına bax
Simsiz mouse: gecikmə və polling rate | 8008 Gear