Mouse seçərkən əsas sual "hansı model daha yaxşıdır" yox, "hansı model mənim əlimə uyğundur" sualıdır. Yanlış seçim əlin tez yorulmasına və nişan almaqda qeyri-sabitliyə səbəb olur. Aşağıdakı 7 meyar seçimi xeyli asanlaşdırır.
1. Forma: simmetrik, yoxsa erqonomik?
Simmetrik mouse-lar hər iki tərəfdən eynidir və əksər tutuş tərzlərinə uyğun gəlir.
Erqonomik modellər isə sağ əl üçün formalaşdırılıb, ovcu daha çox dəstəkləyir və uzun istifadə zamanı daha az yorur. İstifadə məqsədinizə uyğun olaraq, oyun üçün simmetrik, ofis və digər işləriniz üçün erqonomik model seçə bilərsiniz.
2. Ölçü və tutuş tərzi:
Əlinizin uzunluğunu bilək xəttindən orta barmağın ucuna qədər ölçün. Təxmini olaraq 17 sm-dən qısa əl üçün kiçik, 17–19 sm üçün orta, 19 sm-dən uzun əl üçün böyük ölçüdə mouse-lar uyğundur. Dəqiq tövsiyə üçün istehsalçının ölçü cədvəlinə baxın.
Palm grip — bu tutuşda ovuc tamamilə mouse-un üstündə olur. Uzun istifadə zamanı yormur. Orta və böyük modellər uyğundur.
Claw grip — bu tutuşda barmaqlar əyilir, mouse-a barmaq ucları və ovcun arxa hissəsi toxunur. Orta ölçülü modellər uyğundur.
Fingertip grip — bu tutuşda mouse-a yalnız barmaq ucları toxunur, sürətli və dəqiq hərəkətləri asanlaşdırır. Kiçik və yüngül modellər uyğundur.
3. Çəki
Müasir mouse-ların əksəriyyəti 40–65 q arasındadır. Yüngül mouse sürətli
hərəkətləri asanlaşdırır və qolu az yorur. Deşikli korpus artıq şərt deyil — bir çox yeni model bütöv korpusla da yüngüldür. Çox yüngül modellərdə isə dəqiq istifadə vərdiş tələb edir.
4. Sensor
Artıq keyfiyyətli oyun sensorları praktikada səhvsiz işləyir. Qutudakı 26000 və ya 30000+ DPI rəqəmləri seçimdə həlledici deyil — oyunçuların əksəriyyəti 400–3200 DPI arasında oynayır. Buna görə də diqqət yetirməli olduğunuz nüanslar bunlardır: sabit izləmə, qaldırma məsafəsinə görə sensorun itməsi (LOD) və müxtəlif səthlərdə düzgün işləmə qabiliyyəti.
5. Simsiz bağlantı və polling rate
Keyfiyyətli 2.4 GHz simsiz mouse-lar artıq kabelli qədər sürətlidir. Polling rate mouse-un kompüterə saniyədə neçə dəfə məlumat göndərdiyini göstərir: 1000 Hz əksər oyunçular üçün kifayətdir, 4000–8000 Hz isə daha hamar hiss verir, amma batareyanı və prosessoru daha çox yükləyir. Məhz buna görə, birçox istifadəçi ən yüksək dəyəri (8000 Hz) seçdikdən sonra problemlərlə üzləşir.
6. Switch-lər
Optik switch-lər ikiqat klik (double-click) problemi yaratmır və daha uzunömürlüdür.
Mexaniki switch-lər bəzi oyunçulara daha aydın klik hissi verir, lakin illər keçdikcə ikiqat klik riski artır. Tənzimlənəbilən yeni switch-li modellər də çıxıbdır. Lakin, istifadəçilər tərəfindən birmənalı qarşılanmadığı üçün bu kontekstə daxil edilməyib.
7. Proqram təminatı
DPI, polling rate, LOD və bir çox funksiyanı rahat dəyişmək üçün yaxşı proqram vacibdir. Bir çox brend artıq quraşdırma tələb etməyən veb-drayver təklif edir. Tənzimləmələrin mouse-un öz yaddaşında saxlanması da üstünlükdür — başqa kompüterə qoşulduqda cari tənzimləmələr itmir.
Qısa nəticə
Əvvəlcə tutuş tərzinizi və əl ölçünüzü müəyyənləşdirin, sonra bu ölçüyə uyğun yüngül, keyfiyyətli sensorlu model seçin. Sualınız olsa, bizimlə əlaqə saxlayın — sizə uyğun modeli birlikdə seçək.



